AZ | EN | RU
 
   

 
Müasir Azərbaycan Mətbuatinin İnkişaf Meylləri

 

Müasir Azərbaycan mətbuatının inkişaf meyylləri haqqında söz açmaq üçün ilk növbədə onun kəmiyyət göstəricilərinə nəzər salmaq lazımdır. Hal-hazırda Azərbaycanda 3000-dən (üç min) artıq KİV qeydə alınmışdır. 8 milyonluq Azərbaycan üçün bu rəqəmin çox olduğunu söyləsək, zənnimcə, yanılmarıq. Bununla yanaşı, onu da söyləmək olar ki, bu qədər çap məhsulunun olması ölkədə fikir rəngarəngliyi və plüralizmin olmasına dəlalət edir. Bu fikrin nə qədər doğru olub-olmamasını qəbul etmək üçün müəyyən araşdırma və müqayisələrə müraciət etmək lazım gələcək.

Gəlin, "Azərbaycan mətbuatı nədir?" sualına cavab verə bilmək üçün onun təxmini təsnifatını aparmağa cəhd edək. Zənnimizcə, müasir mətbuatımızı bir neçə qrupa ayırmaq mümkündür. Əvvəlcə, mətbu orqanları MÜSTƏQİL və QEYRİ-MÜSTƏQİL (asılı) qruplara bölək. Müstəqil deyəndə, Heç kimdən iqtisadi və ideoloji cəhətdən asılı olmayan nəşrlər nəzərdə tutulur. Belələri barmaqla sayıla biləcək dərəcədə az olsa da, xoşbəxtlikdən hələ tam məhv olub getməyiblər. Belə nəşrlərin əsas iş prinsipi söz azadlığını söz sərbəstliyinə qurban verməmək şərtilə fikir plüralizmini qoruyub saxlamaqdan qaynaqlanır. Belə nəşrlərin qəzet işinə yanaşma tərzinin bir özəlliyi də gördükləri işin, sözün əsil mənasında, bir biznes növü olduğuna əminlikdir. Bu, bütün mədəni ölkələrdə mövcud olan jurnalistikanın təməl prinsipidir - söz azadlığı və fikir plüralizmi.

Nə qədər qəribə görünsə də, qeyri-müstəqil mətbuat daha rəngarəng və çoxşaxəlidir. Təbii ki, belə mətbu orqanlar həm iqtisadi, həm də ideoloji cəhətdən asılı vəziyyətdədir və elə bu baxımdan da onları adətən, bir tərəfdən MÜXALİFƏT və MÜXALİFƏTYÖNLÜ, digər tərəfdən də İQTİDAR və İQTİDARYÖNLÜ mətbuat adlandırırlar. Beləliklə, qeyri-müstəqil mətbu orqanların özü də iki qrupa ayrılır. Ən maraqlısı isə odur ki, iş bununla bitmir - həmin qruplar da alt-qruplara bölünür. Məsələn, həm müxalifət, həm də iqtidar mətbuatının içində PARTİYALI mətbu orqanlar var. Sırf hüquqi, yəni təsisçilik baxımından, bunu iddia etmək bir sıra hallarda çətin olsa da, əslində belə qəzetlərin partiya orqanı olmasına heç bir şəkk-şübhə yoxdur ("Azadlıq", "Yeni Müsavat", "Səs", "Yeni Azərbaycan" və digərləri). Azərbaycanda hələ ki, büdcədən maliyyələşən qəzetlər də az deyil. Burada Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetiylə yanaşı, bir sıra nazirlik və sahə qəzetlərinin də adını çəkmək olar. Təəssüf ki, bu cür mətbu orqanlarda söz azadlığından çox söz sərbəstliyinə yol verilir, siyasi plüralizminsə heç izi-tozu da görünmür. Bu yerdə, Vladimir Ulyanov-Leninin məşhur deyimi yada düşür: "Qəzet təbliğatçı, təşviqatçı və təşkilatçıdır". Müstəqilliyimizin ilk illərində bu tərifin sonuncu "təşkilatçılıq" amili əhəmiyyətini demək olar ki, itirmişdisə də, son üç-dörd ildə "partiyalı" qəzetlər "qara işlərini" görmüşlər. İndi, əminlik və eyni zamanda təəssüflə söyləmək olar ki, Lenini sözdə inkar etsək də, əslində onun bu prinsiplərini əldə bayraq edən mətbu orqanların çəkisi əhəmiyyətli dərəcədə artaraq milli mətbuatın demokratik inkişafına əngəl törədir.

Qəzet bolluğunun doğurducu fəsadlardan biri də qəzet işini-biznesini və ümumiyyətlə, qəzetçiliyi möhtəkirliyə çevirənlərin sayının təhlükəli miqyas almasıdır. Belələrini xalq arasında "reket-jurnalist" yaxud "reket qəzet" adlandırırlar. Təcrübə və müəyyən araşdırmalar onların rüşvət almağa və verməyə hazır olan insan və məmurlar durduqca ölməyəcəklərini əminliklə söyləməyə əsas verir. Bir məqamı da qeyd etmək lazımdır ki, bu qəbildən olan mətbu orqanların başında duran daha "peşəkar və istedadlıları" artıq inkişaflarının daha yüksək pilləsinə qalxmaqla"sarı mətbuat" janrına yiyələnməkdədirlər. Hər halda, qərb ölkələrindəki "sarı mətbuat" nümunələri heç olmasa peşəkarlığın nə olduğundan bixəbər deyillər. Daha doğrusu, qərbin sarı mətbuatında diletant və möhtəkirlərə yer yoxdur, sadəcə olaraq janrın tələbləri başqadır. Ən əsası isə odur ki, orada heç kim bilərəkdən qanunu pul xatirinə pozmağa can atmır.

Yazının sonunda yenə də, marksizm-leninizmin klassiklərinə müraciət etməkdən başqa əlac qalmır. Söhbət, kəmiyyətin keyfiyyətə çevrilməsinin labüdlüyündən gedir. Ümid etmək istərdik ki, tezliklə Azərbaycan media məkanındakı bolluq keyfiyyətə baş əyəcəkdir.

 

Arxiv

20.04.2009
Müasir Azərbaycan Mətbuatinin İnkişaf Meylləri


20.04.2009
Свобода Мнения и Самовыражения


17.05.2008
Островки свободы в океане азербайджанского тщеславия


23.04.2008
Эльчин Шихлинский: Надеяться на то, что Совет по прессе станет структурой, с которой будут считаться власти Азербайджана, но которая будет последовательно и жестко отстаивать права журналистов, на мой взгляд, не стоит.


15.03.2008
Удар ножом ниже "демократического" пояса.


əlaqə Bül-Bül prospekti 18 AZ1000
Bakı/Azərbaycan
(+99412) 493 24 06

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu