AZ | EN | RU
 
   

 
TÜRKİYƏDƏ «JURNALİSTİKA VƏ MEDİA BAZARI: QLOBAL ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR» ADLI BEYNƏLXALQ KONQRES KEÇİRİLİB
Mayın 7-dən 14-dək Antaliyada (Türkiyə) Türkiyə Jurnalistlər İttifaqının dəstəyi ilə Rusiya Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının və UNESKO-nun birgə təşkil etdikləri «Jurnalistika və media bazarı: qlobal çağırışlar və perspektivlər» adlı Beynəlxalq konqress keçirilmişdir. Tədbiri açan Rusiya Jurnalistlər İttifaqının sədri, Beynəlxalq Jurnalistlər Federasiyası İcraiyyə Komitəsinin üzvü Vsevolod Boqdanov forumun keçirilməsi haqda məlumat verərək bildirmişdir ki, əsas məqsəd cəmiyyətin jurnalistlərə və jurnalistikaya etimadının bərpasına yardımçı olmaqdır. Konqress iştirakçılarına Beynəlxalq Jurnalistlər Federasiyasının prezidenti Cim Bumella, UNESKO-nun Baş direktorunun müşaviri Genrix Yuşkyaviçus, Antaliya əyalətinin qubernatoru Ələddin Yüksel və Antaliya Jurnalistlər Cəmiyyətinin sədri Mövlud Yeni təbrik nitqi ilə müraciət etmişlər. Konqresdə «Dəyişən dünyada jurnalistikanın yeri», «İctimai rəyi formalaşdıran orqan kimi jurnalistikanın problemləri. Manipulyativ texnologiyalar və KİV. Keyfiyyətli jurnalistika mətbuatın əsas şərti kimi», «Medianın inkişafı və etibarlılıq problemi», «Özünütənzimləmə problemləri və jurnalistlərin professional həmrəyliyi» mövzuları ətrafında iclaslar keçirilmişdir. Jurnalistin təhlükəsizliyi və jurnalistikanın nüfuzu ilə bağlı problemlərə həsr olunan iclasda Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski də çıxış etmişdir. Natiqlər jurnalistlərin cəmiyyətdə qeyri-qənaətbəxş imicindən, yerlə hakimiyyət orqanlarının təsiri altında olan rayon qəzetlərinin vəziyyətindən, professional həmrəyliyə yardım edən ümumi aksiyaların keçirilməsinin zəruriliyindən, etik normalardan, «qaynar» nöqtələrdə işləmələri üçün jurnalistlərin hazırlığı ilə bağlı metodikanın olmamasından və digər problemlərdən danışmışlar.